12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib
12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov bildirib ki, gənclər hər bir dövlətin və cəmiyyətin inkişafında mühüm rol oynayan əsas qüvvələrdən biridir. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elm, təhsil, mədəniyyət, idman və digər sahələrində fəal iştirakı onların dövlətin inkişafında mühüm potensiala malik olduğunu göstərir.
Qeyd olunub ki, Azərbaycanda gənclərin inkişafı, onların hüquq və imkanlarının genişləndirilməsi, təhsil və məşğulluq imkanlarının artırılması, istedad və təşəbbüslərinin dəstəklənməsi, sağlam həyat tərzinin təşviqi və ictimai fəallığının artırılması istiqamətində dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu dövlət qayğısı gənclərin öz potensiallarını reallaşdırmaları və cəmiyyətin fəal üzvlərinə çevrilmələri üçün geniş imkanlar yaradır.
Məcid Seyidov vurğulayıb ki, Naxçıvanda da gənclərə göstərilən dövlət qayğısının mühüm istiqamətlərindən biri onların asudə vaxtının səmərəli təşkili, intellektual və fiziki inkişafının dəstəklənməsi, müxtəlif layihə və yarışlara cəlb olunmasıdır. Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən bu cür tədbirlər gənclərin bilik və bacarıqlarını nümayiş etdirməsinə, sağlam rəqabət aparmasına və yeni uğurlar qazanmasına şərait yaradır.
Nazir müavini qeyd edib ki, bu gün mükafatlandırılan gənclərin əldə etdikləri nəticələr onların əzmkarlığının, zəhmətinin və məqsədyönlü fəaliyyətinin göstəricisidir. Onların hər bir uğuru həm özləri, həm də digər gənclər üçün motivasiya mənbəyidir.
Çıxışının sonunda Məcid Seyidov gənclərə göstərilən dövlət qayğısından bəhrələnərək daim öz üzərlərində çalışmağı, bilik və bacarıqlarını artırmağı, qarşılarına böyük məqsədlər qoymağı və əldə etdikləri uğurlarla kifayətlənməyərək yeni zirvələrə doğru inamla irəliləməyi tövsiyə edib və bütün gəncləri 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edərək, hər birinə möhkəm cansağlığı, təhsil və fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayıb.
Naxçıvanda gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə il ərzində müxtəlif istiqamətlər üzrə layihə və tədbirlər həyata keçirilir. 12 Avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar da silsilə tədbirlər təşkil olunub.
Bu çərçivədə məhdud fiziki imkanlı yeniyetmə və gənclər arasında “Vətəni tanı!” intellektual oyunu, təmizlik aksiyası, “Nə? Harada? Nə zaman?” intellektual yarışı və stolüstü tennis üzrə birincilik keçirilib.
Tədbirdə sözügedən yarışlarda fərqlənən və qalib olan iştirakçılar mükafatlandırılıb.
Əvvəlcə “Nə? Harada? Nə zaman?” intellektual oyununda I, II və III yerləri tutan komandaların üzvlərinə diplom və hədiyyələr təqdim edilib. Ardınca stolüstü tennis üzrə qızlar və oğlanlar arasında keçirilən birincilikdə fərqlənən iştirakçılar mükafatlandırılıblar.
Tədbirdə həmçinin məktəblilər arasında keçirilən ənənəvi “Şahin” hərbi-idman oyunu üzrə bu il muxtar respublikanı ölkə birinciliyində təmsil etmək hüququ qazanan Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin komandası da mükafatlandırılıb. Komanda üzvlərinə Nazirlik tərəfindən hazırlanmış diplom və hədiyyələr təqdim olunub.
Sonda bütün qaliblər və iştirakçılar təbrik edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb və tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.